Kosmik hava durumu

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan  bildirilib ki, Günəş ləkələri azalıb, hazırda Günəşin səthində 7 ləkə qrupu və 93 ləkə müşahidə olunur. Tac dəlikləri müşahidə edilmir.

Günəş küləyinin sürəti 603 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə -2 nT təşkil edir. Geomaqnit qasırğaları baş verməyib.

Avqustun 21-dən 28-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin mənfi qütblü tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə sürətini saxlayacağı proqnozlaşdırılır. Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə avqustun 25-dək qeyri-sabit, sonra isə sakit olacağı gözlənilir.

Geomaqnit qasırğası proqnozlaşdırılmır.