Narkotik qəbul edib taksi sürən şəxs saxlanılıb

Hacıqabulda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı müəyyən edilərək saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Elbrus Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik maddə olan heroin istifadə etdiyi məlum olub.

Elbrus Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat miqdarında cərimə olunub.