Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb.

 Hikmət Hacıyev görüşdə qeyd edib ki, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır.

"Müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir. Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq".

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.//Trend