Baş prokuror Pekində işgüzar səfərdədir

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşkilatçılığı ilə keçirilən Şəffaf İpək Yolu Forumunda iştirak etmək məqsədilə Pekin şəhərinə işgüzar səfərə gedib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əvvəlcə nümayəndə heyəti tərəfindən Azərbaycanın Pekindəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, dahi rəhbərin əziz xatirəsi yad edilib.

Daha sonra nümayəndə heyəti 30-dan çox ölkənin korrupsiyaya qarşı mübarizə qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların və şirkətlərin rəhbərlərinin iştirak etdiyi Tematik Forumun işində iştirak edib. Çinin Milli Təftiş Komissiyasının sədri Liu Jinguo forum iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycanın Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin 5 əsas sütun - hüquqi baza, şəffaflıq biznes iqlimi, səmərəli ədalət mühakiməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qurumları və beynəlxalq əməkdaşlıq fəlsəfəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirildiyi, bu prosesin bu gün də qətiyyət və uğurla davam etdirildiyi barədə danışıb.

Baş prokuror ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa olunduğunu, otuzillik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib. Bu gün həmin ərazilərdə ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yenidənqurma işlərinin uğurla aparıldığı vurğulanaraq bu sahədə iqtisadi fəaliyyətin şəffaf və sağlam mühitə əsaslandığı qeyd edilib.

Səfər çərçivəsində Baş prokuror Çin, Özbəkistan, Malayziya, Pakistan, Qazaxıstan, Belarus, Argentina, Kamboca, Misir və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran, xüsusilə antikorrupsiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Baş Prokurorluğun nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir.