Ölkəmizə məhsul ixrac edən 197 xarici qida obyekti AQTA tərəfindən təsdiq edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir. Müəssisələrin qiymətləndirilməsi yerində və ya videoinspeksiya formatında həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu il ərzində Agentliyin əməkdaşları 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparıblar. Həmin müəssisələrdən 197-sinin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunmuş müddətdə aradan qaldırılması şərti ilə təsdiqlə edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar qiymətləndirilmiş 3 müəssisənin təsdiqindən imtina olunub. Dörd obyektlə bağlı qiymətləndirmə hesabatları isə yekunlaşmaq üzrədir.

Qiymətləndirilmiş xarici qida obyektləri Rusiya Federasiyası, Belarus Respublikası, Almaniya Federativ Respublikası, Çin Xalq Respublikası, Ukrayna Respublikası, İran İslam Respublikası, Gürcüstan, Polşa Respublikası və digər ölkələrdə fəaliyyət göstərir. Xarici ölkələrdən Azərbaycana ixrac həyata keçirən qida obyektlərinin təsdiqi ilə bağlı reyestrlə AQTA-nın rəsmi internet səhifəsi vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, ölkə ərazisinə yüksək risk qrupuna aid qida məhsullarının idxal edilməsi üçün xarici qida obyektləri aidiyyəti üzrə təsdiq olunmalıdır. Bununla bağlı Azərbaycan Respublikasının idxal tələblərinə uyğun olaraq, qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər.