Bir neçə şəhər və rayonlarda odlu silahlar könüllü şəkildə polisə təhvil verilib

Polis əməkdaşları ölkə ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları “AKM” markalı avtomat silahını və 1 ədəd patron darağını, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşları Binə qəsəbəsində 1 ədəd lüləsi kəsilmiş “TOZ-63” markalı nömrəsiz ov tüfəngi, 1 ədəd “F-1” qumbarası, alışdırıcı və 3 ədəd avtomat patronu, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşları Bakıxanov qəsəbəsində 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patronu təhvil götürüblər.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları 1 ədəd “AK” markalı avtomat silahını, 1 ədəd patron darağı və 27 ədəd patronu, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları 2 ədəd nömrəsi silinmiş lüləsini və qundağı kəsilmiş tüfəngini, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları 1 ədəd qundağını və lüləsi kəsilmiş “TOZ-8” markalı tüfəngini, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçilər və Seydimli kəndləri ərazisində “İJ” və “TOZ-8” markalı 2 ov tüfəngini təhvil alıblar.