İmişlidə ətraf mühitin çirklənməsinə yol verən sahibkar məsuliyyətə cəlb olunub

İmişli Rayon Polis Şöbəsinin və ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Xoşçobanlı kəndi ərazisində yerləşən avtomobil təmiri məntəqələrinin birinin ətrafında təmir zamanı yaranan tullantıların qalaqlanması faktı aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan  bildirilib ki, aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusa yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilib.