Ombudsman jurnalistin Yeni Kaledoniyadan çıxarılmasına və Ermənistanın hərbçimizə ömürlük cəza verməsinə münasibət bildirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva AZƏRTAC-ın əməkdaşının “arzuolunmaz şəxs” olaraq Yeni Kaledoniyadan çıxarılmasına və Ermənistan tərəfindən hərbi qulluqçumuza verilmiş qanunsuz cəzanın daha da sərtləşdirilməsimə münasibət bildirib.

Ombudsman Aparatından  bildirilib ki, Səbinə Əliyeva Fransa müstəmləkəsi olan Yeni Kaledoniyada dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın “arzuolunmaz şəxs” olaraq ölkədən çıxarılmasını, Yeni Kaledoniya polisinin azərbaycanlı jurnalistə qarşı qəddar rəftarını bu ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin heçə sayılmasının, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyət tətbiq olunmasının, söz, mətbuat azadlığının, informasiya əldə etmək hüququnun sərt şəkildə pozulmasının bariz göstəricisi olduğunu söyləyib.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə əsasən hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Hazırda dünyada bu mühüm sənədin 75 illik yubileyinin qeyd olunduğu ərəfədə özünü demokratiyanın beşiyi adlandıran bir ölkədə belə neqativ halların baş verməsini şiddətlə qınayıram”,-deyə Ombudsman vurğulayıb.

Onun sözlərinə görə, eyni zamanda, bu davranış Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci (Azadlıq və sərbəst hərəkət etmək hüququ) və 19-cu (Sərbəst fikir və ifadə azadlığı) maddələrinin, eləcə də Fransanın ali qanunvericilik aktı olan Konstitusiyasının müddəalarının da kobud şəkildə pozulması deməkdir: “Uzun illər müstəmləkəçilik siyasəti yürüdən Fransanın bu cür addım atması öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan Yeni Kaledoniya xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısının alınması kimi dəyərləndirilməlidir”.

Səbinə Əliyeva xatırladıb ki, bu cür rəftar Fransanın Azərbaycan jurnalistlərinə qarşı törətdiyi ilk belə əməl deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Televiziyasının bu ölkədə çəkiliş aparan əməkdaşları hücuma məruz qalmış, onlara xəsarət yetirilmiş və texnikaları əllərindən alınmışdır.

Ombudsman deyib: “Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşına qarşı qəddar davranışlarını, onun fəaliyyətinin məhdudlaşdırılmasını, informasiya əldə etmək hüququnun kobud şəkildə pozulması halını qətiyyətlə pisləyirəm”.

Cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşmüş və sonradan Ermənistan tərəfindən əsir götürüldüyü məlum olmuş hərbi qulluqçumuz Hüseyn Axundova ömürlük həbs cəzasının verilməsinə münasibət bildirən Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusunun saxta ittihamlarla azadlıqdan məhrum edilməsi, həmçinin cəzasının ağırlaşdırılaraq ömürlük həbslə əvəz olunması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.

“Tərəfimizdən bu məsələ ilə əlaqədar dəfələrlə müraciətlər olunsa da, Ermənistan hələ də beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqda davam edir.

Eyni zamanda, Ermənistanın bu təxribatyönümlü addımı iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində görülən işlərə də ciddi maneə yaradır. Bir daha bildirirəm ki, Ermənistan tərəfi qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovu, həmçinin hərbçimiz Aqşin Bəbirovu dərhal azad etməli, onların ölkəmizə geri qaytarılması üçün zəruri addımlar atmalıdır.

Yekunda qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha aidiyyəti beynəlxalq təşkilatlar, xarici ombudsman və milli insan hüquqları institutlarından Azərbaycan Ordusunun hərbi qulluqçularının azad edilməsi istiqamətində təsirli tədbirlərin görülməsini tələb edir, eləcə də onları Fransanın insan hüquq və azadlıqlarına qarşı sərgilədiyi hörmətsiz rəftarına münasibət bildirməyə çağırıram”,-deyə Səbinə Əliyeva vurğulayıb.