AQTİ-nin laboratoriyası İngiltərə şirkətləri tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyası (MRL) İngiltərə şirkətləri tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.

Bu barədə  İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası (MRL) İngiltərənin “FAPAS” və “LGC” şirkətləri tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya qarğıdalı tozu nümunəsində “Aflatoksin B1" və "Ümumi aflatoksin" (B1, B2, G1, G2), meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarının təyini, qida nümunələrində Listeria monocytogenes təyini və fiziki-kimyəvi parametrlər üzrə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, Milli Referens Laboratoriyası bu günədək müxtəlif ölkələr tərəfindən təşkil olunan 100-dən artıq göstərici üzrə beynəlxalq səriştəlilik sınaqlarında uğur qazanıb. Laboratoriyanın ISO/IEC 17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən milli, Almaniya Federativ Respublikasının akkreditasiya qurumu DAkkS tərəfindən isə beynəlxalq akkreditasiyası həyata keçirilib.