Narkotiklərin satışı ilə məşğul olan şəxsdən 2 kiloqram heroin aşkarlanıb
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Ağdam rayon sakini, 1993-cü il təvəllüdlü Arzuman Məmmədov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan çox narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. A.Məmmədov narkotik vasitələri instaqram sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

