Baş Prokurorluqda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 6 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı vətəndaşların müraciətləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar üzrə araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalar zamanı Abşeron rayonunun Xırdalan şəhəri, Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində, Bərdə şəhərində, Zərdab rayonunun Kəndəbil və Ucar rayonunun Qazyan bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrində meşə fonduna daxil olmayan ümumilikdə 251 ədəd ağac və kolun, Yardımlı rayonunun Ləzir kəndi ərazisində isə meşə dolaylarında meşə fonduna aid 60 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 41 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarlarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.