Kənd təsərrüfatı nazirinin müavini Oğuzda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov yanvarın 23-də Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Oğuz, Göygöl və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin edilmə və işə bərpa olunma, kənd təsərrüfatı texnikasının icarəyə götürülməsi, məhsulun satışına kömək göstərilməsi, dəymiş zərərə görə sığorta ödənişi, güzəştli şərtlərlə kreditin verilməsi, torpaq üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsində yaranan çətinliklər və digər məsələlərlə bağlı olub.

Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Elçin Zeynalov vətəndaşlarla görüş zamanı kənd təsərrüfatının inkişafı ilə bağlı imzalanan sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Elçin Zeynalov Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili, payızlıq əkinlərin bəyanı, payızlıq əkinlərin sığortalanması prosesi ilə maraqlanıb.