COP29-un loqosu təqdim olundu (FOTO)

COP29-un loqosunun ehtiva etdiyi məzmun açıqlanıb.

Bu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədrliyinin bu gün jurnalistlər üçün keçirilən mətbuat konfransında deyilib.

Qeyd edilib ki, COP29-un loqosu iqlim dəyişiklikləri ilə əlaqədar qarşılaşdığımız qlobal problemlər və bu çətinliklərlə mübarizə üçün zəruri olan kollektiv fəaliyyəti özündə ehtiva edir.

Loqoda həmrəylik və vəhdət, inklüzivlik, təbiətlə əlaqə kimi motivlər əks olunub. Bundan başqa, loqoda yer alan yarpaq formasında olan buta ölkəmizin biomüxtəlifliyini, bitkilərin dünyamızın mövcud olması üçün vacib olan karbon tutulması və saxlanılmasına uyğunlaşmada təbiət əsaslı həllərin gücünü təmsil edir.

Hava və küləyi təcəssüm etdirən buta atmosferlə bağlı qayğıların həlli üçün tələb olunan həssas tarazlığı ifadə edir.

Su damlası şəklində olan buta dəniz səviyyəsinin dəyişməsi. quraqlıq və daşqınlar şəraitində suyun dayanıqlılığına olan zəruri ehtiyacı əks etdirir.

Od formasında təsvir edilən buta Azərbaycanın yanar ocaqlarını aks etdirir və bizi emissiyasız gələcək naminə enerjidən məsuliyyətlə istifadə etməyə çağırır.

Birləşərək dairə yaradan iki buta qarşılıqlı bağlılığımızı və evimiz olan Yer kürəsinin dayanıqlılığı üçün göstərilən daimi səyləri ifadə edir.//Trend