Ötən gün Abşeronda 13 odlu silah, 27 ov tüfəngi polisə təhvil verilib

Ötən gün ümumilikdə 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar edilib, vətəndaşlarda olan 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verilib. Abşeron rayonunun Qobu, Saray və Mehdiabad qəsəbələri ərazilərindən 8 əl qumbarası və 25 mərmi təhlükəsizlik tədbirləri görülməklə həmin ünvanlardan götürülüb. Narkotiklərə qarşı keçirilən 17 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün bunlar rayon polis idarəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı ötən gün keçirilən növbəti əməliyyat və profilaktik tədbirlər nəticəsində ələ keçirilib. Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərdə əvvəllər məhkum olunmuş Rafiq Bədirovdan “Makarov” markalı tapança, 7 patron, eləcə də Mehdiabad qəsəbəsindən bir ədəd “Kalaşnikov” markalı avtomat, 12 patron, Abşeron rayon sakini Pərvanə Musayevadan satmaq məqsədi ilə əldə etdiyi üç kiloqramdan çox marixuana aşkarlanıb. Vətəndaşlar tərəfindən 14 tüfəng Mehdiabad Polis Bölməsinə təhvil verilib.

Saray Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Zülfi Ağadadaşov və Sübhi İsmayılovdan ümumilikdə iki “Makarov” markalı tapança və yeddi patron aşkar edilib. Vətəndaşlar iki ədəd ov tüfəngini Saray Polis Bölməsinə təhvil veriblər. Ceyranbatan qəsəbəsində vətəndaşlara qarşı soyğunçuluq edən əvvəllər məhkum olunmuş Samir Məmmədov də saxlanılaraq məsuliyyətə cəlb edilib.

Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərdə Ramid Məmmədovdan “Kalaşnikov” avtomatı, doqquz patron, Ayaz Heydərovdan “Makarov” markalı tapança və dörd patron aşkar edilib. Vətəndaşlar səkkiz ov tüfəngini Qobu Polis Bölməsinə təhvil veriblər. Narkotiklərin satışını təşkil edən Abşeron rayon sakini Araz Alxasovdan isə bir kiloqrama yaxın heroin, metamfetamin, eləcə də 20 ədəd metadon həbi aşkarlanıb. Qobu qəsəbəsində mənzillərdən oğurluq edən Zakir Salmanov da həmin tədbirlərin nəticəsi olaraq saxlanılıb.

Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Toğrul Qasımov, Murad Hüseynov, Muxtar Abdullayev, Şahid Məmmədov, Nəcməddin Əlizadə, Samran Əliyoldaşov və Natiq Şıxəliyevdən ümumilikdə yeddi “Kalaşnikov” avtomatı, yeddi sandıqca və 41 patron aşkar edilib. Vətəndaşlar üç ov tüfəngini İdarəyə təhvil veriblər. Taksi fəaliyyəti adı altında narkokuryerlik edən Azər Ağakişiyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobildən dörd kiloqramdan çox marixuana aşkarlanıb. Abşeron rayonunda müxtəlif vaxtlarda 20 avtomobilin şüşəsini qıraraq oğurluq edən Sabirabad rayon sakini Ümid Mirzəyev də tədbirlərin nəticəsi olaraq saxlanılıb. Rayon ərazisində oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan beş nəfər saxlanılıb, “isti izlərlə” 20 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 47, xırda xuliqanlığa və xırda talamaya görə 44 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 100-dən çox, spirtli içkinin təsiri altında sükan arxasına əyləşən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 28, dayanma-durma qaydalarını pozan 321 sürücü inzibati məsuliyyətə cəlb olunub.