Gənc geoloq SOCAR-ın keçirdiyi viktorinanın qalibi oldu

SOCAR Qrupun yeni korporativ dəyərləri ilə bağlı 27.12.2023-cü il tarixində keçirilmiş Viktorinanın qalibləri məlum olmuşdur. Viktorinada 1200 nəfər iştirakçı iştirak etmiş və bütün suallara ən tez cavab verən 3 nəfər qalib seçilmişdir. Qaliblər arasında “Yer və İnsan” jurnalında və internet portalında dəfələrlə aktual mövzularda məqalələri dərc olunmuş gənc araşdırmaçı Elnur Səfərov da olmuşdur.

Elnur Səfərov BDU-nun Geologiya fakültəsini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2014-2018-ci illərdə doktorantura pilləsi üzrə təhsil almışdır. 2022-ci ildə UNEC-də MBA proqramı üzrə Beynəlxalq biznes ixtisasını magistratura pilləsi üzrə bitirmişdir. Hal-hazırda Azərbaycan Texniki Universitetində İnsan Resurslarının İdarəedilməsi ixtisası üzrə magistr təhsili alır. Elnur Səfərov 2 kitabın (Kiçik Qafqazın Faydalı Qazıntı Yataqları; Qruntların fiziki-mexaniki xüsusiyyətlərinin təyini) və 1 testlər toplusunun (Geologiya və Geofizika Testlər Toplusu) müəllifidir. 2012-ci ildən SOCAR-da fəaliyyət göstəririr. Fəaliyyət dövründə bir sıra yerli və beynəlxalq geotexniki elmi layihələrin yerinə yetirilməsində, o cümlədən Xəzər dənizində mühəndisi-geoloji axtarış işlərilə kəsilişin üst hissəsini təşkil edən çöküntü komplekslərinin fiziki-mexaniki xüsusiyyətlərini və sairə öyrənmişdir. Xəzər dənizinin Azərbaycan hissəsində (Ümid, Babək, Bulla, Neft-Daşları, Palçıq Pilpiləsi, Darvin bankası və s. yataqlarda), hidrotexniki qurğuların yerləşdirilməsi ilə əlaqədar mühəndisi-geoloji tədqiqat işlərinin aparılmasında bilavasitə yaxından iştirak etmişdir. İkinci və üçüncü Yüksəliş müsabiqələrinin iştirakçısıdır. Dəfələrlə redaksiyamıza məxsus “Geostrategiya” və “Yer və İnsan” jurnallarında elmi məqalələri dərc olunmuşdur. Gənc araşdırmaçıya gələcək karyerasında uğurlar arzulayırıq.