Meşə fondu torpaqlarında növbəti əkin mövsümünə start verilib

Son günlər bölgələrdə hava şəraitinin əlverişli keçməsi ölkənin bir sıra meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin aparılmasına şərait yaradıb.

Meşələrin İnkişafı Xidmətindən verilən məlumata görə, qurumun rəisi Ramik Əşrəfov bildirib ki, iqlim-hava şəraiti əlverişli keçən Şəmkir, Göygöl, Bərdə, Şabran, Ağsu, Ağcabədi, Sabirabad rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən növbəti əkin mövsümünə start verilib, gün ərzində ümumilikdə 9 mindən artıq ağac əkilib, 370 kiloqram toxum səpilib.

Qeyd edilib ki, meşəbərpa tədbirləri zamanı hər bölgənin torpaq-iqlim şəraitinə uyğun palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş ağacları əkilir, toxumlar səpilir. Ağacəkmə aksiyalarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş əkin materiallarından istifadə olunur.