Nazir Muxtar Babayev Münxendə COP29-la bağlı çıxış edib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Münxen Təhlükəsizlik Konfransı (MSC2024) çərçivəsində keçirilən “COP mexanizmi: Beynəlxalq iqlim diplomatiyasının perspektivləri” adlı debatlarda çıxış edib.

Bu barədə tanınmış alman jurnalisti Eliza Mibax rəsmi "X" hesabında məlumat verib.

Məlumatda qeyd edilir ki, nazir Muxtar Babayev çıxışı zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı məlumat verib, ölkəmizin qlobal Şimal və Cənub ölkələri arasında bir körpü olmasını arzuladığını və bunun 2025-ci ildə Braziliyada keçirilməsi planlaşdırılan COP30 ərəfəsində gerçəkləşdirilməsini istədiyini söyləyib.

Xatırladaq ki, Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransında Azərbaycandan bir çox dövlət rəsmiləri iştirak edir, müxtəlif görüşlər keçirirlər.//Azərtac