“Fərmanoğlu” topdan satış ticarət obyektində yoxlama keçirilib

Paytaxtın Qaradağ rayonunda Lökbatan şəhərtipli qəsəbə, Xocahəsən yolu, ev 57 ünvanında fəaliyyət göstərən “Fərmanoğlu” topdan satış ticarət obyektində yoxlama keçirilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı anbar sahədə üzərində Azərbaycan dilində etiket məlumatları qeyd edilməyən, həmçinin minimum keyfiyyət və təhlükəsizlik sənədləri mövcud olmayan “Натуральный mед” əmtəə nişanlı bal məhsulunun satışının həyata keçirildiyi aşkarlanıb.

Eyni zamanda məhsulun etiket məlumatlarında istehsalçı ilə bağlı məlumatların uyğunluq təşkil etmədiyi müəyyən olunub. Həmin məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Sınaq nəticələrinə əsasən nümunələrdə uyğunsuzluqlar aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.