Prezident İlham Əliyev: Bu gün Qoşulmama Hərəkatı daha güclü təşkilatdır
Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir.
Bunu Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında deyib.
“Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır”, - deyə dövlətimizin başçısı əlavə edib.