Laçında ödənişsiz peşə hazırlıq kursları təşkil olunur

Böyük Qayıdış proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin fəal məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam etdirilir. Yaxın zamanlarda sakinlər üçün həm də ödənişsiz peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulub və bu istiqamətdə işlərə start verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə hazırlığı kursları təşkil edilir. Həmçinin Laçın şəhəri və rayonun Zabux, Sus, Bəylik, Güləbird kəndləri üzrə kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələri üzrə peşə kurslarına həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilərlər.

Peşə hazırlığı kurslarına yazılmaq üçün işaxtaranlar, DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək, yaxud “sosial.gov.az” saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər. Kursların müddəti 6 aya qədərdir və iştirak ödənişsizdir.

Qeydə edək ki, proqramın tərkib hissəsi olaraq Şuşa şəhəri və Şuşanın Turşsu qəsəbəsi, Füzuli şəhəri və Füzulinin Dövlətyarlı kəndi, Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri, Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri, Kəlbəcər şəhəri, Xocalı şəhəri və Xocalının Malıbəyli kəndi, Xankəndinin Kərkicahan qəsəbəsi, Qubadlının Mahruzlu, Zilanlı kəndləri, Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri, Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı kəndləri, Xocavəndin Xocavənd kəndi üzrə də peşə hazırlıq kursları təşkil olunur.