Ceyhun Bayramov UNESCO-nun baş direktoru vəzifəsinə namizədə Azərbaycanın tövsiyələrini təqdim edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə Misirin namizədi Xalid El-Enanini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və UNESCO arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər və ölkəmizin mövqeyi, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın UNESCO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb, “Bakı Prosesi”, təhsil və humanitar sahələrdə irəli sürülmüş təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Misirin namizədinin seçki proqramında nəzərə alması məqsədəuyğun hesab edilən məsələlər barədə tövsiyələrimiz təqdim edilib.

Nazir Ceyhun Bayramov həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan ərazilərinin işğalı faktı, postmünaqişə dövründə regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən ölkəmizin mədəni irsinin məhv edilməsindən bəhs edib. Ermənistanın törətdiyi dağıntıların UNESCO missiyası tərəfindən qeydə alınması və ərazilərimizə səfərin təşkil edilməsi məqsədilə 20 ildən artıq bir müddət ərzində tərəfimizdən UNESCO-ya çağırışlar edilməsinə baxmayaraq, Ermənistanın missiyaya mane olduğu, bu faktın UNESCO -nun 2005-ci il tarixli hesabatında qeyd alındığı bildirilib.

Namizədə seçki kampaniyasında uğurlar arzulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.