Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planlarını, təşkilat çərçivəsində mövcud işləri və perspektivləri müzakirə ediblər.

İcraçı direktor Kayrat Sarıbay Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla bildirib və sədr seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Nəqliyyat bağlantıları, ətraf mühit kimi mövzuların AQEM üçün hazırda ən aktual məsələlərdən olduğunu deyən K.Sarıbay bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, Azərbaycanın sədrliyi ilə keçiriləcək nazirlər görüşünə və qarşıdan gələn Zirvə görüşünə hazırlıq, COP29 çərçivəsində əməkdaşlıq imkanları, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.