Respublika Pediatriya Mərkəzi yaradılıb

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.

TƏBİB-dən  verilən məlumata görə, Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyin artırılması, uşaqların müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır.

TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib. Mərkəzin direktoru kollektivə təqdim edilib.

Məlumat üçün bildirək ki, Azər Əhmədov Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. Türkiyənin Ankarada Qazi Universitetində təhsilini davam etdirərək doktoranturada oxuyub və həmin şəhərdə özəl tibb müəssisələrində çalışıb. Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. Təyinat müddətinədək Ege Hospitalda pediatr kimi çalışıb.