AQTA ərzaq və heyvan satışı bazarlarında nəzarət tədbirlərini genişləndirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq və heyvan satışı bazarlarında nəzarət tədbirlərini genişləndirib. Agentlik hazırda davam etdirilən monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib.

Bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  məlumat veriblər.

2023-cü ildə ölkə ərazisində fəaliyyət göstərən bazarların daxilindəki ət satışı obyektlərini qiymətləndirmək üçün Agentlik tərəfindən monitorinq həyata keçirilən 63 bazarda 400 nöqsan aşkarlanıb. Həmçinin 68 bazarda aparılan yoxlamalar zamanı uyğunsuzluqlar müəyyənləşdirilib. Bununla əlaqədar olaraq müvafiq tədbirlər görülüb.

Bu ilin ötən dövründə isə ümumilikdə 17 bazarda yoxlama aparılıb. Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib və bununla bağlı bazarlardan dördündə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, səkkizində iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, altısında məhsul satışının dayandırılması, birində məhsul satışının qadağan olunması, 1-ində isə məhsul istehsalının (quş kəsimi) dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib.

Eyni zamanda 17 sahibkarlıq subyekti barədə AQTA inzibati məsuliyyət tədbirləri görüb və bazar rəhbərlərinə aşkarlanmış nöqsanların müəyyənləşdirilən müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yoxlamalar çərçivəsində 1 bazarda saxta spirtli içkilər aşkar olunaraq toplanılmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Monitorinq və yoxlamaların aparılması ilə yanaşı, ötən müddətdə Agentlikdə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib və “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələblər onların diqqətinə çatdırılıb. Eləcə də bazar rəhbərlərinə mövcud tələblər barədə məktubla məlumat verilib, habelə fəaliyyətlərinin həmin tələblərə uyğunlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi və nəticəsi barədə AQTA-ya məlumat verilməsi bildirilib. Buna baxmayaraq, bəzi bazarlarda qida təhlükəsizliyi tələblərinə hələ də əməl olunmur.

Agentlik bir daha bazar rəhbərlərinin diqqətinə çatdırır ki, qida obyekti (subyekti) qeydiyyata alınmalı və Qida Təhlükəsizliyi Reyestrinə daxil edilməli, bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş məhsullar satılmamalıdır. İstifadəyə yararsız və təhlükəli qida məhsullarının zərərsizləşdirilərək məhv edilməsi üçün bazarlarda util peçi təşkil edilməlidir. Həmçinin qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməli və digər tələblər yerinə yetirilməlidir.

Agentlik bəyan edir ki, qida təhlükəsizliyi tələblərinə riayət etməyən sahibkarlar barədə ən sərt tədbirlər görüləcək.