Ədliyyə nazirliyində yeni təyinatlar olub

Ədliyyə nazirliyində yeni təyinatlar olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ədliyyə nazirinin müvafiq əmri ilə Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə Elşad Məmmədli, Probasiya xidmətinin rəisi vəzifəsinə Vüqar Ağayev təyin edilib. Nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası isə Ləman Hüseynzadəyə həvalə olunub.

Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyin olunan Elşad Məmmədli 1986-cı ildə anadan olub, 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib.

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010-2012-ci illərdə Almaniyanın Julius Maksimilian Vürzburq Universitetində Avropa hüququ ixtisası üzrə magistratura təhsili alıb, həmçinin həmin dövrdə Universitetin hüquq fakültəsində elmi işçi kimi fəaliyyət göstərib. 2013-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. 2017-2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib. Elşad Məmmədli 2019-2023-ci illərdə Almaniyanın Martin-Luter adına Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb və həmin dövrdə mülki hüququn müxtəlif sahələrində bir çox elmi tədqiqatlar aparıb. O, bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu “Lupp+Partner Partnerschaft mbB” hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə Probasiya xidmətinin rəisi təyin edilmiş Vüqar Ağayev 1980-ci ildə anadan olub.

 

2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-cü ildə isə magistr dərəcəsi ilə bitirib. O, 2002-2006-cı illərdə Bakı şəhəri Nizami Rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsində böyük məhkəmə icraçısı (probasiya üzrə) vəzifəsində çalışıb. Vüqar Ağayev 2006-2013-cü illərdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində müxtəlif vəzifələrdə, 2013-2021-ci illərdə isə Nazirliyin Təşkilat–nəzarət baş idarəsində baş məsləhətçi vəzifəsində işləyib. Vüqar Ağayev bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan biri olan Avropa Bərpaedici Ədliyyə Forumunun (European Forum for Restorative Justice-EFRJ) üzvüdür. O, Probasiya xidmətinin rəisi təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.

Ədliyyə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilmiş Ləman Hüseynzadə 1991-ci ildə anadan olub.

 

O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.

Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb. O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğa qəbul edilib.