Laçında “Böyük Qayıdış” adlı elmi-praktik konfrans təşkil olunub

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Sosial Tədqiqatlar Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə “Böyük Qayıdış” adlı elmi-praktik konfrans keçirilib.

STM-dən bildirilib ki, tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev elmi konfransın keçirilməsində əsas məqsədin Böyük Qayıdış proqramının reallaşdırılması, eyni zamanda, davamlı inkişaf siyasətinin təfərrüatları haqqında informasiya vermək, proqram çərçivəsində Laçına qayıdan sakinlərlə ölkə rəhbərinin həyata keçirdiyi yanaşma barəsində bilgiləri bölüşmək, bunu Vətən müharibəsinin davamı, yaratdığı yeni reallıqların bir hissəsi kimi ictimaiyyətə çatdırmaq olduğunu qeyd edib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin mütəmadi qaydada keçirilən tədbirlərə cəlb olunması, onların Böyük Qayıdış prosesi çərçivəsində müstəsna rol oynamaları, həm də tarixi keçid dövründə həmin şəxslərin birbaşa proseslə bağlı maarifləndirmədə könüllü iştirakının təmin olunması da əsas məsələlərdəndir.

Konfransda çıxış edən STM-in departament rəhbəri Əziz Əlibəyli bildirib ki, Laçın ictimaiyyəti qarşısında mühüm vəzifələr dayanır və bunu ölkə rəhbərinin müəyyən etdiyi Böyük Qayıdış proqramında görmək mümkündür. O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara ilk qayıdan sakinlərdən biri kimi Laçın ictimaiyyəti xüsusi əhəmiyyətə malikdir. Böyük Qayıdış sakinlərin öz doğma yurdlarında məskunlaşdırılmasında önəmli bir təcrübə olacaq.

Daha sonra STM-in sektor müdiri Əfqan Vəliyev Qərbi Azərbaycana qayıdış kontekstində çıxış edib. O, məruzəsində bildirib ki, Qərbi Azərbaycana, tarixi torpaqlara qayıdış Laçından başlayan əsas tendensiyadır. Məruzəçi Laçının tarixi abidələrinə, o cümlədən Ermənistan tərəfindən törədilmiş vandalizmə, müharibə cinayətlərinə diqqət çəkib.

Laçın şəhərinin 2 saylı məktəbinin müdir müavini Şəbnəm Uğurlu da qeyd etdi ki, Laçına qayıdışın mühüm xüsusiyyəti bir təhsil işçisi kimi onların çiyinlərində önəmli mərhələ təşkil edir. Çünki Laçının azad olunması Azərbaycanın mədəniyyətinin, tarixinin, təhsilinin, məktəblilərimizin bölgəyə qayıtmasıdır. Həmin qalibiyyət nəticəsində onların bölgəyə gəlməsi Azərbaycanın dədə-baba torpaqlarında öz ocaqlarını qalaması deməkdir.

Konfrans çərçivəsində STM-in sektor müdiri Əfqan Vəliyevin müəllifi olduğu “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarında maddi-mədəni irsimiz” kitablarının təqdimatı da keçirilib.

STM-in sektor müdiri Tural İsmayılov qayıdışla bağlı media fəaliyyətinin vacibliyinə toxunub.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə rəhbərliyinin Vətən müharibəsindən sonra müəyyən etdiyi “Tarixi Azərbaycan torpaqlarına qayıdış siyasəti” çərçivəsində fundamental hesabatlar və kitablar hazırlayıb. Növbəti vəzifələr kimi qayıdış prosesinə müxtəlif formalarda töhfə verməyə çalışan STM Şərqi Zəngəzurla yanaşı, digər tarixi torpaqlara qayıdışla bağlı da fəaliyyətini həm davam etdirir, həm də onu ictimai rəylə mütləq surətdə bölüşür. Laçında təşkil edilən tədbirin əsas istiqamətlərindən biri də məhz bundan ibarət olub.

Tədbir paytaxtın elmi tədqiqat mərkəzləri, siyasi institutları ilə işğaldan azad edilmiş ərazilərə köçən insanlar arasında əlaqələri daha da möhkəmləndirmək xarakteri daşıyıb.