Milli Hidrometeorologiya Xidməti sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib
Son günlər dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Böyük Qafqaz, Kiçik Qafqaz, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda sululuq artıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib kı, yağan intensiv xarakterli leysan yağışlar nəticəsində iyunun 14-də Şəki rayonu ərazisindən axan Damarçınçaydan, Xızı rayonu ərazisindən axan Ataçaydan, Şabran rayonu ərazisindən axan Gilgilçaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçaydan, Ağsu rayonu ərazisindən axan Ağsuçaydan, iyunun 15-də gecə isə Şamaxı və Qobustan rayonları ərazisindən axan Pirsaatçaydan sel keçib.
“Ölkə ərazisində gözlənilən qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 17-si axşamadək davam edəcək”, - deyə mərkəzinin direktoru əlavə edib.
Asif Verdiyev sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar həmin ərazilərdə çayların sahilində yaşayan və orada istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.
O, vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda, eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.
“Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”, - deyə Asif Verdiyev vurğulayıb.