Bu məhsullar dərman vasitəsi deyil

Bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulan qida məhsullarıdır. Tərkibləri qidalandırıcı, fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrdən ibarətdir. Kapsul, tablet, ampul, damcı və digər analoji formada olmaları bəzən dərman təəssüratı yaratsa da, bu məhsullar dərman vasitəsi deyil, xəstəliklərin müalicəsində istifadə edilə bilməz. İstifadə zamanı gündəlik qəbuletmə dozasına diqqət yetirilməlidir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Məlumatda bildirilir: “Bioloji aktiv qida məhsullarını qəbul etməzdən əvvəl tərkibləri haqqında məlumat əldə etmək tövsiyə olunur. Qanunvericiliyə əsasən, həmin məhsulların qablaşdırmasında bioloji aktiv qida məhsullu olduğu, istifadə qaydası, tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin miqdarı və istehsalçı tərəfindən tövsiyə edilən sutkalıq doza miqdarı göstərilməlidir.

Qablaşdırılmada əmtəə nişanı ilə yanaşı, tövsiyə olunan yaş aralığı da öz əksini tapmalıdır. Aldığınız bioloji aktiv qida məhsullarını qablaşdırmada göstərilən şərtlər daxilində saxlamaq vacibdir.

Unutmaq olmaz ki, bioloji aktiv qida məhsulları normal qidalanmanı əvəz etmir.

Qeyd edək ki, bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının ölkə ərazisində dövriyyəsi isə qadağandır”.