Qida Təhlükəsizliyi Agentliyinin sədri Ağdamda vətəndaşlarla görüşüb
Prezident İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyulun 18-də Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Agentlikdən verilən məlumata görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.