Füzulidə növbəti əmək yarmarkası: 300-ə yaxın vakansiya təqdim olunub
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentlik tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə növbəti əmək yarmarkası təşkil olunub.
Tədbir çərçivəsində işəgötürənlərin iştirakı ilə keçirilən görüşdə onlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri, işəgötürənlərə dəstək layihələri barədə ətraflı təqdimat edilib.
Əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 20 işəgötürən tərəfindən 300-ə yaxın vakansiya təqdim olunub. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə ətraflı məlumat çatdırılıb.