Baş prokuror Balakən rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həlli üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 6-da Baş prokuror Kamran Əliyev Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala, Qax rayonu və digər bölgələrdən olan vətəndaşların müraciətlərini dinləyib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıb.

Görüşdə iştirak edən 28 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.