Cavanşir Feyziyev kitabxanaya kitablar hədiyyə etdi
Kitabxanaya kitablar hədiyyə olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev “Yaradıcı oxucular” layihəsi çərçivəsində kitabxanaya kitablar hədiyyə etdi.
Cavanşir Feyziyev müəllifi olduğu beş kitabdan ibarət “Türk dünyası” çoxcildliyi dünya türklüyü haqqında real faktlar əsasında yazılmış möhtəşəm əsərdir.
Birinci kitabda müəllif türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası və s. məsələləri araşdırıb. İkinci kitabda türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları və s. məsələlər işıqlandırılıb. Üçüncü kitabda türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikalari və vilayətləri haqqında maraqlı məlumatlar verilib. Dörüncü kitabda türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və onun nümayəndələri və s. mühüm məsələlər araşdırılıb. Beşinci kitabda müəllif türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətlərini sistemləşdirilərək oxucu və istifadəçilərin, tədqiqatçı və mütəxəssislərin istifadəsinə verib.
Oxucular kitablarla Yasamal rayon M.Ş.Vazeh adına kitabxanada tanış ola bilərlər.