Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Erməni KİV-in yaydığı məlumata görə, Paşinyan bu barədə Hessen Sülh Mükafatını aldığı mərasimdə bildirib.
"Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm", - deyə Paşinyan bildirib.
O, həmçinin Ermənistan və Azərbaycan xalqlarına sülh prosesinə dəstəyə görə təşəkkür edib və qeyd edib ki, münaqişənin nəticələrinə baxmayaraq, onlar bu günü və gələcəyi dəyişdirməyin zəruriliyini anlayırlar.
Paşinyanın sözlərinə görə, sülhün bərqərar olmasının əsası onun və Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə Vaşinqton sammitində qəbul etdiyi və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış birgə bəyannamə olub.
Ermənistanın Baş naziri həmçinin xatırladıb ki, 2024-cü ildə ölkələr dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməni imzalayıb və ratifikasiya ediblər. Sənəddə 1991-ci il Alma-Ata Bəyannaməsi prosesin əsas prinsipi kimi təsbit olunub.
“Bu o deməkdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır”, - deyə Paşinyan bildirib.
O əlavə edib ki, bu prinsip Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə də təsbit olunub. İki ölkənin xarici işlər nazirləri Vaşinqton sammiti zamanı sazişi paraflayıblar.
Paşinyan sazişin paraflanmasını və birgə bəyannamənin qəbul edilməsini Ermənistan və Azərbaycan münasibətlərində tarixi irəliləyiş adlandırıb.//Trend

