Güclü külək Zaqatalada fəsadlar törədib
Ötən günün ikinci yarısından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü külək daha çox Zaqatala rayonunda müşahidə edilib.
Rayon Fövqəladə hallar komissiyasından bildirilib ki, Zaqatala şəhərində iki müxtəlif yerdə qurumuş ağacların aşması, eləcə də iri budaqlarının qırılaraq elektrik naqillərinin üzərinə düşməsi nəticəsində qısaqapanmalar müşahidə edilib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Güclü külək, həmçinin şəhərin Vasif Qurbanov küçəsindəki çoxmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsini qoparıb. Çoxmənzilli yaşayış binasının dam örtüyünün qalıqları ərazidən götürülüb. Həmçinin binanın yağışdan qorunması üçün damın betonuna müvəqqəti örtük çəkilib. Binanın dam örtüyünün yenilənməsinə bu gün başlanılıb və növbəti günlərdə davam etdiriləcək.
Eyni zamanda, elektrik təsərrüfatında yaranmış problemlərin aradan qaldırılması istiqamətində Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları və rayon Fövqəladə Hallar Komissiyasının üzvləri birgə tədbirləri davam etdirirlər.