Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanın BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyi, COP29 tədbirinin ölkəmizdə təşkilinin bu əməkdaşlığın bariz nümunəsi olduğu vurğulanıb. Həmçinin Azərbaycan ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin həyata keçirildiyi qeyd edilib.

Ədliyyə Nazirliyinin BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi, eləcə də qurumun Mərkəzi Asiya və Cənubi Qafqaz Əlaqələndirici Şəbəkəsi ilə sıx münasibətlərinin olduğu, nazirliyin BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Komissiyasının tədbirlərində təmsil olunduğu vurğulanıb.

Eyni zamanda, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün 2024-2027-ci illər üzrə Praktiki Tədbirlər Planı layihəsində Ədliyyə Nazirliyi ilə əməkdaşlığı əhatə edən bəndlərin də olduğu xüsusi vurğulanıb.

Qada Vali ölkəmizin sədrliyi ilə keçirilən COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, müvafiq sahələrdə tərəflər arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.