COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Vahid Sağlamlıq yanaşması ilə bağlı keçirilən tədbirlərin bir qrup xarici iştirakçısı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜHST-nin vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu, İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohana İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.

Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin laboratoriyalarında çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması sahəsində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş uğurlar diqqətə çatdırılıb.

Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.