Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı görülən işlər COP29-da təqdim olunub

COP29-un onuncu günündə Mavi Zonada “Urbanizasiya / Nəqliyyat / Turizm” günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nəticələr”in təqdimatı keçirilib.

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova daha təmiz dünya və daha dayanıqlı gələcəyin formalaşdırılmasında karbon izini azaltmağa yönəlmiş ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin rolunu xüsusi vurğulayaraq ölkəmizdə bu sahədə aparılan islahatlar barədə məlumat verib.

Təqdimatda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində görülən tədbirlər, o cümlədən aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə ölkəmizdə tətbiq olunan vergi və gömrük güzəştləri, habelə maliyyə əlçatanlığının artırılmasını hədəfləyən güzəştli kredit qaydaları barədə məlumat verilib. Qeyd olunub ki, təşviq sahəsində görülən işlər nəticəsində idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi 2021-ci ildəki 0,19 faizdən 2023-cü ildə 3,5 faizə yüksəlib.

Eyni zamanda, elektrik enerjisi doldurma infrastrukturun inkişafı sahəsində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlərin və Vahid Elektrikdoldurma Platformasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda “Azərişıq” ASC və digər dövlət təşkilatları ilə yanaşı özəl sektor nümayəndələrinin təşəbbüsləri nəticəsində ümumilikdə 300-dən çox elektrikdoldurma cihazı quraşdırılıb.

Təqdimatda qeyd olunub ki, ölkəmizdə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinə marağın və istifadə səviyyəsinin artırılmasına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.