İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil YENİLƏNİB-1
İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.
APA-nın əldə etdiyi xəbərə görə, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.
Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.
Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı məlum olub.
10:05
Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.
Xezerxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.
Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
09:01
İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin üzərində 70 kiloqram qızıl tapılıb.
Xezerxeber.az-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı araşdırma davam edir.
Məlumatda qeyd olunub ki, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb.
Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.
Şübhəli şəxs M.G.Ş. taksidə olarkən saxlanılıb.