ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olar, təbiət ərazilərinə və ekosistemə ciddi zərər dəyər

Son günlər havaların isti və quraq keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğın riskini artırıb. Aparılan təhlillər və araşdırmalar meşə yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir. Belə ki, statistikaya görə, qeydə alınan yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, meşə və təbiət ərazilərinə yaxın kəndlərdə yaşayan sakinlərin, istirahət məqsədilə təbiət qoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı səbəbindən baş verir. Statistika göstərir ki, baş verən yanğınların əksəriyyəti meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qeydə alınır, sonradan külək və quraq hava səbəbindən təəssüf ki, qorunan ərazilərə keçir. Nəticədə ölkənin meşə fonduna, xüsusi mühafizə olunan təbiət ərazilərinə, bioloji resurslara və torpağın üst münbit qatına ciddi ziyan dəyir, ekosistem məhv olur.
2025-ci ilin ötən dövrü ərzində meşə və təbiət ərazilərinə yaxın sahələrdə 83 yanğın hadisəsi baş verib ki, bunun da 15-i sonradan meşə torpaqlarına, 2-si isə xüsusi mühafizə olunan təbiət ərazilərinə keçib.
Meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın riskinin minimuma endirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra qabaqlayıcı və profilaktik tədbirlər görülür. Hər il olduğu kimi bu il də yanğın əleyhinə qoruyucu mineral zolaqlar çəkilib, nəzarət postları, müşahidə qüllələrinin sayı artırılıb, könüllü yanğınsöndürmə dəstələri formalaşdırılıb. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi ilə birgə regional müşavirələr keçirilib, yanğın təhlükəsizliyinə dair praktiki və maarifləndirici təlimlər təşkil olunub.
Qeyd edək ki, hazırda müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır.
Bütün bunları nəzərə alaraq, ETSN vətəndaşlara, xüsusilə də, təbiət ərazilərinə yaxın kəndlərin əhalisinə, fermerlərə və turistlərə müraciət edərək aşağıdakılara riayət etməyə çağırır:
• Təbiət ərazilərində olarkən açıq alovdan istifadə etməyin;
• Söndürülməmiş siqaret kötüklərini ətrafa atmayın;
• Biçindən sonra sahələrə od vurmayın;
• Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin.
Unutmayaq ki, hər birimizin ani ehtiyatsızlığı qarşısıalınmaz yanğınlara səbəb olar, təbiət ərazilərinə və ekosistemə ciddi zərər dəyər.