71 nömrəli marşrutda yeni avtobuslar işləyəcək

Bakıda 71 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn şirkət avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.

Metronun "Azadlıq prospekti" stansiyasını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərəcək.

Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.