“Tut” restoranında məhsul nümunəsində uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında “GK Fish Farm” MMC-yə məxsus “Tut” restoranında yoxlama aparıblar.

Aentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində emal olunan “Paytaxt” salatından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Sınaq nəticəsində E.Coli göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb.

Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.