ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist
NÜŞABƏ MƏMMƏDLİ
Uzun illər, hələ keçmiş zamanlardan bu günə qədər Azərbaycan yadelli işğalçıların tamah nöqtəsi olub. Elə bu tamah da hər fürsətdə iştah dişlərini batırmaq üçün, əsrarəngiz gözəlliyə, zəngin təbiətə, bərəkətli torpağa və qiymətli faydalı qazıntılara malik olan bu diyarı daima hədəfdə saxlayıblar.
Təəssüflə deməliyəm ki, zaman-zaman da istədiklərinə nail olublar.
Bildiyimiz kimi onlar bütöv Azərbaycanı tikə-tikə, parça-parça qopararaq budayıb hər parçasını acgözlüklə mənimsəyərək, öz torpaqlarına yamayıb faydalanıblar. Bu günə qədər də gözgörəti ədalətsiz işğal olunmuş torpaqlarımızdan öz torpaqları kimi istifadə etmək davam edir.
İndi isə məqsədim tarixin keçmiş qaranlığına baş vurub könül bulandıran mövzunu yeniləmək deyil. Bu araşdırmalar iddiaları ədalətsizliyi gündəmə gətirib haqqımızı tələb etmək tarixçilərin üzərinə düşən məsuliyyətdir.
Bu gün gündəmdə olan Azərbaycana sonsuz sevinc bəxş edən, sarsılmış ruhuna rahatlıq gətirən, 28 il köksündən fasiləsiz qan fışqıran yarasına məlhəm olan, qırılmış, əyilib-bükülmüş qürur onurğasını düzəldib-dikəldən ZƏFƏRİMİZDƏN söhbət gedir.
Zəfərimizdən danışmaq üçün sözsüz ki, 5 il əvvələ qayıdıb, olub keçənləri xatırlamalıyıq. Təbii ki, mənə elə gəlir heç kəs Azərbaycanın sarsıntılarla dolu yaxın keçmişinə qayıtmaq istəməz. O illəri Vətəndə yaşayanlara xatırlamaq belə nə qədər ağır olduğunu hamımız bilirik.
Ancaq nə qədər ağır olsa belə, biz bir an olsun o dəhşətləri – 28 illik faciəli həyatımızı, sevincsiz günlərimizi unutmamalıyıq. Unutmamalıyıq ki, böyüməkdə olan gənc nəsli düzgün təlimatlandıraq, yenidən o xətalara yol verməyək! Keçmişi unudanın gələcəyi olmaz!
Mən də gözümün önündə sərgilədim o günləri... Səbrlərin tükənən vaxtı, ümidlərin yavaş-yavaş qırılmağa meyillənməsi, həsrət dolu baxışların yollara dikilərək möcüzələrə inanması, qulaqların zəngli saat kimi cingildəyərək artıq hərbi səfərbərlik xəbərini səbirsizliklə gözləməsi. Bunların hamısı o vaxt xəyallar qurmaqla özümüzə təsəlli vermək üçün quraşdırdığımız hekayələr idi. Bəzəkli, rəngarəng yuxularda Qarabağ həsrətinin sona çatmasını görmək idi. Ancaq yox, yuxunun da çin çıxanı olurmuş.
Günlərin bir günü çiskinli, nəmişli bir payız günündə 27 sentyabrda göy guruldadı, şimşək çaxdı. Bu şimşəyin parıltısı, nuru, bütöv bir xalqın könlünə, ruhuna sirayət etdi. Ali Baş Komandanımız cənab İlham Əliyev illərlə gözlədiyimiz hərbi səfərbərlik əmrini verdi. Bu xəbərlə Azərbaycan izdihama büründü. İnsanlar küçələrə axın etdi. Hərbi komissarlıqların qarşısı yaşlı, cavan, döyüşə yararlı-yararsız olub-olmamalarından asılı olmayaraq insan axını ilə aşıb daşdı. Sanki hamı bir-biri ilə yarışa girmişdilər ki, daha tez cəbhəyə yola düşsünlər. Yaşı çoxdan hərbi xidmət üçün keçmiş olan yaşlı əmilər, dayılar, hətta babalar əllərində ərizələr döyüşə getmək üçün izn almaq istəyirdilər. Sanki, toya-bayrama getməyə tələsirdilər. Bəlkə də Azərbaycan tarixində xalq balacadan böyüyə heç vaxt bu cür bir yumruq kimi birləşməmişdilər.
Ardı-arası kəsilmədən hərbi maşın karvanları cəbhəyə yola düşürdü. Hər kəs, balacalı, böyüklü əlindən gələni əsirgəmir, nəsə etmək istəyirdi. Evdar qadınlar isti corablar, köynəklər, şərflər toxuyub əsgərlərimizə verirdilər ki, üşüməsinlər. Yol boyu kişilər sıra ilə düzülüb əllərində isti çörək, yeməklər, sular, ərzaqlar dayanırdılar ki, hərbçilərimizə versinlər.
Yaşlı Hikmət baba çəkməsinin altı tikişdən aralanmış ayaqqabı ilə, yüngül bir pencəkdə yağışlı-çiskinli bir gündə kənddən rayon mərkəzinə gələrək, aldığı təqaüdü cəbhə fonduna köçürməsi, gənc ailələrin, cavan qız-gəlinlərin cehiz yorğan-döşəklərini cəbhəyə göndərmələri heyrət doğururdu. Şairlərin yüzlərlə Zəfərə inam şeiri yazmaqları, yazıçıların ardı-arası kəsilmədən hərbçilərimizin qəhrəmanlıqlarından, cəsarətlərindən saysız-hesabsız hekayə, povest, romanlar yazması, bəstəkarlarımızın könülləri riqqətə gətirən Zəfər nəğmələri Qələbəmizin çox yaxında olmasına bizi inandırırdı. Hər qarış torpağımızın işğaldan azad olunmasına gözlərimizdən leysan yağışı kimi yanaqlarımıza axan sevinc göz yaşları içimizdə illərlə yığılıb düyünlənmiş kədərimizi, dərdimizi çözələyib açır, yuyub təmizləyirdi.
Artıq Qələbəmizin çox yaxında olmasına heç kəsin şübhəsi yox idi!
Nəhayət böyük həsrətlə gözlədiyimiz gün gəlib çatdı. 27 sentyabrda başlayan Vətən müharibəsi 7 noyabrda ŞANLI Milli Ordumuzun cəsarətli həmlələri nəticəsində Qələbə çalaraq, Zəfərimizi Azərbaycan tarixinin səhifəsinə qızıl hərflərlə həkk etdi. Azərbaycanda öz torpaqlarımız uğrunda gedən Vətən müharibəsi qələbə çalmış 44 günlük müharibə kimi dünya hərb tarixində təəccüb doğuran möcüzəyə səbəb oldu.
O günün izdihamı bir başqa idi. 27 sentyabrdakı izdihamda əgər həyəcan, təlaş var idisə, bu izdihamda balacalı-böyüklü hamı üçrəngli bayrağımıza bürünmüşdü. Bir-birini tanıyan-tanımayan qucaqlaşır, öpüşür, bayramlaşırlarmış kimi, təbriklər yağdırır, özləri çalır, özləri oxuyur “QARABAĞ AZƏRBAYCANDIR!” sədaları hər tərəfdən həyata keçmiş dua kimi könülləri coşdururdu.
Bunları yazıram və fikir yelkənim 6 dekabr 2008-ci ildə “Qarabağa aparan yol” qəzetinin əməkdaşı Fariz Çobanoğlunun məndən götürdüyü müsahibənin bir sualına verdiyim cavabı xatırladır və məni o günə qaytarır. O vaxt hamının canının alışıb yanan dövrü idi. Hər kəs kiminsə dili ilə ürəyindən keçəni dedirtmək istəyirdi. Çox dəyərli jurnalistimiz F.Çobanoğlu mənim “Papaq aldı qaç oyunu” hekayəmə işarə edərək, bir az da mənim cəsarətimə güvənib belə bir təhlükəli sual verdi:
– Nüşabə xanım, bu hekayədə nə demək istəyirsiniz? Azərbaycanlıların Qarabağ müharibəsində uduzmağınamı işarə edirsiniz? Əgər Qarabağı Azərbaycanın papağı hesab etsək, ərazilərimizin indiki vəziyyətində necə cavab verərdiniz?
Sual məni bir az üşəndirsə də suala düşündüklərimi səmimi ifadə edərək cavabladım:
– Papaq bizim milli dəyərlərdən hesab olunur. Papağımız yoxdursa, ləyaqətimiz də demək yoxdur. Xalqımız qeyrətli, namuslu xalqdır. Bu səbəbdən həmişə müqəddəs bildiyi namusa-ara işarə olan papağını qorumağa çalışıb. Mənim hekayəmdə söhbət papağını itirməkdən gedir. Ancaq bu o demək deyil ki, biz papaqsızıq. Bu müharibədir, kimisi ölür, kimisi sağ qalır. El dili ilə desək, iki döyüşənin biri uduzmalıdır. Düşmənlə savaşda uduzmuşuq. Nə qədər şəhid versək də, nə qədər mübariz döyüşkən oğullarımız canından keçsə də, təəssüf ki, biz müharibəni uduzmuşuq. Torpaqlarımızın böyük bir hissəsin erməni təcavüzkarları işğal edib. İşğal olunmuş ərazilərdə babalarımızın, nənələrimizin, orada şəhid olanlarımızın ruhu dolaşmaqdadır. Ruhların dincliyi üçün, onların xatirəsinə ehtiram üçün, yalnız bir yol var – düşmən zəbt etdiyi ərazilərdən qovulmalıdır!!! Əgər papağımız başımızdan yerə düşübsə, onu ləyaqətlə, mərdliklə yerdən qaldırmaq da hünər, bir kişi təpəri istəyir. Papağı yerdən qaldırmağın, yenə deyirəm yeganə yolunu görürəm – Qarabağ azad olunmalıdır! Bütün bu dediklərimin yerinə bircə fikir desəm, daha yaxşı olarmış: “Qarabağ Azərbaycanın papağıdır!” Çox təhlükəli fikir olsa da, qorxum yoxdur. Çünki, mən sağlam adamlara arxalanaraq, cəmiyyəti təmsil edən sağlam qüvvələr mənim nə demək istədiyimi düzgün anlayacaqlar.
Mən o vaxt mənə verilən suala bu cavabı verəndə 2020-ci ilin 27 sentyabr ayında Ali Baş Komandanın zamanı yetişəndə elan edəcəyi hərbi səfərbərlik əmrinin veriləcəyinə inanırdım.
Zamanı yetişəndə xalqımız bir qığılcıma bənd olduğunu sübut etdi. Xalq öz gücünü göstərmyin zamanı gəldiyini anlayaraq,yumruq kimi birləşib ayağa qalxdı. Nəyə qadir olduğumuzu, öz cəsarətilə göstərdi və başımızdan yerə düşmüş papağımlzı canı-qanı bahasına yerdən qaldırıb yenidən başına qoydu. Öz gücü və sağlam siyasətilə xalqımıza Zəfər sevinci yaşadan hərbçilərimiz qürurla, başını dik tutaraq xalqımızın qarşısından şərəflə keçərək Qələbəmizin 5 illiyini Zəfər paradı ilə qeyd edəcək. Bu əvəzolunmaz sevinci xalqımıza yaşadan qəhrəman ordumuza eşq olsun! VƏTƏN uğrunda canını fəda edən şəhidlərimizin ruhu şad olsun! Sağlamlığından keçən qazilərimizə Allah şəfa versin!
ZƏFƏRİMİZ MÜBARƏK OLSUN, AZƏRBAYCAN!

