Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM), Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (BƏT-ACTRAV) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib.
AHİK-dən verilən məlumata görə, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının, BƏT-in və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev konfransın əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişmələri və onun fəsadlarından, Azərbaycanın iqlim dəyişmələri siyasətindən söz açıb, “yaşıl keçid” və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfə verən ölkələr sırasında olduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, iqlim dəyişmələri eyni zamanda sosial və əmək münasibətlərinə təsir göstərən qlobal çağırışdır. Bu baxımdan, əmək bazarında baş verən dəyişikliklər həmkarlar ittifaqlarından daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. “Ədalətli keçid” prinsiplərinin təmin olunması, işçilərin maraqlarının qorunması və sosial dialoqun gücləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirən Konfederasiya sədri AHİK-in bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirdiyini və dövlətimizin sosial siyasətinə dəstək verdiyini vurğulayıb.
Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri xanım Oğulcənnət Berdiliyeva qlobal iqlim dəyişmələri fonunda bu kimi beynəlxalq platformaların təcrübə mübadiləsinin aparılması və birgə yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev dövlət siyasətində iqlim dəyişmələrinin sosial nəticələrinə önəm verildiyini, həmçinin əmək bazarının dayanıqlığının gücləndirilməsinin və işçi qüvvəsinin müasir çağırışlar və gələcək trendlərə hesablanmış qaydada hazırlanmasının əsas prioritetlər sırasında olduğunu bildirib. Bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iqlim dəyişmələrinin sosial nəticələrinin qanunvericilik baxımından əhəmiyyətini bildirib. Diqqətə çatdırılıb ki, “yaşıl iqtisadiyyat”a keçid sosial tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsi və bu proseslərin hüquqi müstəvidə dəstəklənməsi üçün mühüm rola malikdir.
İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov iqlim çağırışlarının qlobal əmək bazarında yeni yanaşmalar tələb etdiyini, İƏT çərçivəsində əmək və sosial müdafiə sahələrində ortaq təşəbbüslərin genişləndirilməsinin önəmli xarakter daşıdığını deyib.
İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, qlobal iqtisadi inkişaf fonunda Azərbaycanın iqtisadi siyasəti rəqabətqabiliyyətli və innovasiyayönümlüdür. O, həmçinin yaşıl iqtisadi yanaşmaların genişləndirilməsinin həm investisiya mühitinin yaxşılaşdırılmasına, həm də iqtisadiyyatın daha dayanıqlı struktura keçidinə şərait yaratdığını deyib.
Konfransa onlayn qoşulan və tədbirin aktual mövzuya həsr olduğunu vurğulayan BƏT-ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas bildirib ki, iqlim dəyişmələrinin sosial və məşğulluqla bağlı təsirlərini nəzərə alan BƏT “ədalətli keçid” yanaşmasını təşviq edir və iqlim gündəliyində həmkarlar ittifaqlarının fəal iştirakını dəstəkləyir.
Tədbirdə BƏT-in baş mütəxəssisi Qoça Aleksandria “Ədalətli keçiddə həmkarlar ittifaqlarının rolu” mövzusunda təqdimatla çıxış edib.
Sonra “İqlim dəyişikliyi və əmək dünyası” mövzusunda panel müzakirələr aparılıb.
Tədbirin sonunda AHİK tərəfindən son illərdə həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yenilikləri əks etdirən videoçarx nümayiş etdirilib.

