Aydin Kərimov - Türk dünyasına və bizə ümidlə baxan digər qardaş xalqlara böyük yürüşdə öncüllük etməyi bacarmalıyıq


"8 Noyabr Zəfər günü təkcə ona görə böyük bayram deyil ki, biz xalq və dövlət olaraq erməniyə, erməniliyə qalib gəldik. Erməni bizim böyük Yürüşümüzü önləmək, əngəl olmaq üçün ayağımız altına atılmış kötük idi. Müəyyən mənada onu yoldan kənara atmaq da uğurdu, qələbədi, Zəfərdi".

Bu sözləri tanınmış hüquqşünas Aydin Kərimov bildirib. Onun sözlərinə görə, bu Zəfərin böyüklüyü ondadır ki, biz geopolitik dəngəni müəyyən edən, məğlubiyyətsiz, yenılməz hesab edilən gücləri yendik:

"Yeni tarixi və siyasi dövrün, zamanın, yeni dünya düzəninin, dünya görüşün əsasını qoyduq. Yeni siyasi mənzərə yaratdıq. Ən böyük Qələbə Azərbaycan əsgərinin özünə inam hissinin, qələbə əzminin formalaşması, istənilən düşməni diz  çökdürə bilmək duyğusu idi. Ən ümdə Uğurumuz toplumun Dövlət gücünə inamının yaranması, müstəqil, qüdrətli  Dövlətin öz vətəndaşına sahib çıxdığını görmək, bütün xalqların, etnik qrupların öz Vətəninə sədaqətinin şahidi olmaq, Xalq-Dövlət birliyinin varlığını hiss etmək oldu.

Bütün bunlar yeni Qələbələrə, Uğurlara, İşlərə vəsilə oldu. Bununla belə, hər böyük qələbənin bir qüsuru var: arxayınlaşmaq, əldə olunanla kifayətlənmək.

Biz Qalib Xalq kimi daha möhtəşəm, daha qüdrətli, daha ağıllı, daha savadlı, daha monalit olmağa, Türk dünyasına və bizə ümidlə baxan digər qardaş xalqlara böyük yürüşdə öncüllük etməyi bacarmalıyıq. Hələ işimiz çoxdu.


Bayramınız Mübarək!"