Qərbi Azərbaycandan deportasiyaya dair yazılan ən sistemli tədqiqatlardan biri olan kitab

Fil.f.d., dosent Elnarə Qaragözova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

"Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)" - milli yaddaşın hüquqi sənədləşdirilməsi

Səməd Vəkilovun təqdim etdiyi “Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı elmi tədqiqat əsəri 1948–1953-cü illərdə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) yaşayan azərbaycanlıların deportasiyasına, bu ağrılı hadisənin tarixi, hüquqi və insani nəticələrinin araşdırılmasına həsr edilmişdir. Kitabı bu mövzuda aparılan araşdırmalar sırasında fərqləndirən əsas cəhət həm arxiv sənədlərinə, həm də şahid ifadələrinə əsaslanması və deportasiyanın Salyan bölgəsinə məcburi köçürülən azərbaycanlı icmaları üzərində aparılmış tədqiqatla konkretləşdirilməsidir.

Müəllif deportasiyanın tarixi köklərini və siyasi motivlərini araşdıraraq deportasiyanın SSRİ-nin və xüsusilə Stalin rejiminin Qafqazda apardığı etnik-siyasi siyasətin bir hissəsi olmasını qeyd edir və II dünya müharibəsindən sonra SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiaları (Qars, Ərdahan məsələsi) ilə paralel, Ermənistan rəhbərliyinin “xaricdəki ermənilərin repatriasiyası” üçün torpaq və yaşayış yeri axtarmasının buna rəvac verməsini faktlarla sübuta yetirir. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il qərarı ilə Ermənistan SSR-dən 100 min azərbaycanlının köçürülməsi qərarı rəsmi sənədlərdə “könüllü köçürülmə” kimi təqdim edilsə də, müəllif arxiv materiallarına əsasən sübut edir ki, bu, zorakı deportasiya idi:"Məktubun nə imzası, nə də tarixi var idi. Bu isə göstərirdi ki, guya ‘Bağırovun Stalinə məktubu’ könüllülük pərdəsi altında saxta hazırlanmış sənəd idi" .

1948–1953-cü illərdə deportasiya dalğalarla həyata keçirilmiş, Ermənistanın 24 rayonundan 200-dən çox kənd boşaldılmış, köçürülənlərin əksəriyyəti Salyan, Sabirabad, Saatlı, İmişli, Zərdab, Kürdəmir, Göyçay kimi Kür-Araz ovalığındakı rayonlara yerləşdirilmişdi.
Kitabda deportasiyanın mədəni genosid tərəfləri də göstərilir, Azərbaycan məktəblərinin, qəzetlərinin və teatrlarının bir-bir bağlanması, İrəvanda Azərbaycan dilində fəaliyyət göstərən Pedaqoji İnstitutun fakültələrinin ləğv edilərək Azərbaycana köçürülməsini
müəllif Azərbaycanlıların Ermənistandakı varlığını tamamilə silmək üçün sistemli siyasətin tərkib hissəsi olduğunu xüsusi qeyd edir.

Səməd Vəkilovun təqdim etdiyi araşdırmanın əsas bölümü Salyan rayonuna deportasiya olunan ailələrin bioqrafik məlumatları, şəxsi xatirələri və yaşayış şəraiti geniş təsvirinə həsr olunub. Müəllif “Qarabağlı”, “Yeni Uluxanlı”, “Qaraçala”, “Xalaç” kimi kəndlərdə məskunlaşmış icmaların xatirələri, bugünkü yaşamı fonunda deportasiyanın nəticələrini insan taleyi fonunda işıqlandırır.

Qərbi Azərbaycandan deportasiyaya dair yazılmış ən sistemli tədqiqatlardan biri olan kitabın müəllifi olaraq
Səməd Vəkilov Qərbi Azərbaycandan deportasiyanı – sadəcə miqrasiya deyil, planlı etnik təmizləmə aktı kimi qiymətləndirir.

Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” kitabı SSRİ-nin totalitar siyasətinin Azərbaycan xalqına vurduğu zərbəni sənədlərlə sübut edən, Ermənistanın azərbaycanlılardan etnik təmizlənməsini açıq göstərən bir araşdırma olaraq həm tarixi faktlara, həm hüquqi sənədlərə, həm də insan talelərinə söykəndiyi üçün həm elmi, həm də emosional dəyərə malikdir.