Balakəndə erkən xristian məbədi aşkar edilib
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşı tərəfindən Balakən rayonunun Mahamalar kəndi ərazisində aparılan tədqiqatlar zamanı yeni tarixi abidə — qədim məbəd aşkarlanıb.
Bu barədə AMEA-dan məlumat verilib.
Şöbənin böyük elmi işçisi Akif Məmmədlinin verdiyi məlumata görə, ilkin tədqiqatlar aparılıb və abidənin erkən xristian dövrünə aid olduğu ehtimal edilir. O, həmçinin məbədin memarlıq baxımından təknefli quruluşa malik olduğunu deyərək vurğulayıb ki, tikili çöl tərəfdən düzbucaqlı formada inşa edilsə də, daxili hissədə mehrab oval görünüşü ilə seçilir. Abidə əsasən çay daşından tikilib. Məbədin bir hissəsi hazırda torpaq altında qalıb ki, bu da onun tam şəkildə öyrənilməsini çətinləşdirir. Bununla belə, aparılan ilkin müşahidələr abidənin mühüm tarixi əhəmiyyətə malik olduğunu göstərir.
Tarixçi-alim bildirib ki, sözügedən məbəd bu günədək elmi ədəbiyyatda göstərilməyib və rəsmi şəkildə qeydə alınmayıb. Araşdırmaların davam etdirilməsi və abidənin daha ətraflı öyrənilməsi planlaşdırılır.

