Ədliyyə Nazirliyi tərəfindən elektron hərrac portalı istifadəyə verilib
Ədliyyə sahəsində şəffaflığın və səmərəliliyin artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş yönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən elektron hərrac portalı istifadəyə verilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bundan sonra icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesi yeni portal vasitəsilə onlayn qaydada həyata keçiriləcək.
Portalın əsas üstünlüyü hərracda iştirak imkanlarının hər kəs üçün bərabər olmasıdır.
Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər.
Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və ilkin hərrac elanları portalın saytı və sosial şəbəkə hesablarında yerləşdirilib.
Hərrac prosesinin rəqəmsallaşması nəticəsində iştirakçılar arasında ayrı-seçkiliyə yol verilməsinin və rəqabətə məhdudiyyət qoyulmasının, eləcə də hərrac prosesinə kənar müdaxilələrin qarşısı alınacaq.