“Nəğməkar qız” adlı kitab kitabxanaya hədiyyə olunub
Yerveinsan.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri uğurla davam edir. Layihə çərçivəsində kitabxanaya Azərbaycan Respublikasının əməkdar artisti Rəhilə Bəndəliyevaya həsr olunmuş “Nəğməkar qız” adlı kitab hədiyyə olundu. Kitabın müəllifi yazıçı-publisist, şair, Prezident təqaüdçüsü Nəsibə İsrafilqızıdır.
Kitab 5 bölmədən ibarətdir. Kitabda müğənninin yeniyetmə və gənclik illəri, onun Azərbaycanın musiqi həyatına və səhnəyə qədəm qoyması, “Lalə qızlar ansamblı”nda keçdiyi sənət yolu, Azərbaycanın muğam sənətinə verdiyi töhfələr əks olunub. Bundan başqa, əməkdar artist haqqında “Lalə qızlar ansamblı”nın iştirakçı və solistlərinin, müğənninin sənət dostlarının fikirləri və ona həsr olunmuş bir neçə şeir də verilmişdir. Kitabda R.Bəndəliyevanın ifalarını, tamaşaçılarla və sənət yoldaşları ilə görüşlərini əks etdirən maraqlı fotoşəkillər, müğənniyə təqdim olunmuş diplom, fəxri fərman və medallar verilmişdir.
Kitabda bir sənətkar ömrü ilə yanaşı, onun haqqında maraqlı məlumatlar və onun böyüdüyü, boya-başa çatdığı tarixi diyar – Qərbi Azərbaycan haqqında da məlumat verilib.
Kitabın ön sözünün müəllifi Xalq şairi Vahid Əziz, məsləhətçisi Xalq şairi Nəriman Həsənzadə, rəyçisi akademik Nizami Cəfərov, redaktoru Səbiqə Rasimqızıdır. Kitab “Zəka Print” MMC-də nəşr olunub.
Oxucular kitabla M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada tanış ola bilərlər.
Yaxın zamanlarda kitabın təqdimatı və müğənni ilə görüş keçiriləcək.