Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
"Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifovun və həmin kafedranın doktorantı H.İrzayevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib", - məlumatda qeyd olunur.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə olunsun.
"Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz", - Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

