Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

Dekabrın 2-13-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, sədrlik dövründə ölkəmiz, həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.

Qeyd olunub ki, qrupa Azərbaycan Respublikası ilə bərabər Şərqi və Mərkəzi Avropadan 15 dövlət daxildir.

2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və sair prioritet sahələr müəyyən olunub.

On iki regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu, həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir.